Contact Us

Use the form on the right to contact us.

You can edit the text in this area, and change where the contact form on the right submits to, by entering edit mode using the modes on the bottom right. 

           

123 Street Avenue, City Town, 99999

(123) 555-6789

email@address.com

 

You can set your address, phone number, email and site description in the settings tab.
Link to read me page with more information.

“BİZ BİR NEÇƏ HOMOSEKSUALI ÖLDÜRMÜŞÜK”

News

A collection of news related to LGBT issues in Azerbaijan from all over the internet

 

“BİZ BİR NEÇƏ HOMOSEKSUALI ÖLDÜRMÜŞÜK”

AZAD lgbt

Çəkdiyi fotoya görə döyülən, yazdığı yazıya görə, cərimələnən, çəkildiyi sənədli filmə görə isə söyülən bir adamdır. O, gənc aktyor, bacarıqlı jurnalistdir. Söhbət Elmin Bədəlovdan gedir.   

E.Bədəlov həm aktyordur, həm də jurnalist. O, əsasən gənclərdən ibarət olan “Oda” Teatrının direktorudur və eyni zamanda aktyorlarından biridir. Bədəlov həmçinin mədəniyyət portalı olan Fraqment.az saytının təsisçisi və baş redaktorudur.

E.Bədəlovla söhbətimizin bir neçə səbəbi var. Əsas səbəblərdən biri də, onun və teatrın Şuşa Teatrının direktoru Yadigar Muradov tərəfindən məhkəməyə verilməsidir.

Söhbətimizə teatrın son durumu ilə bağlı sualımızla başladıq:

- Teatrın vəziyyət necədir? Tez-tez yerini dəyişirsiniz. Hər dəfə də maddi ziyanlarla üzləşirsiniz. 

- Hərdən uşaqlar deyirlər ki, “Köçmək bizim alnımıza yazılıb”. Düz deyirlər. Cəmi iki ildir ki, fəaliyyət göstəririk. Amma artıq 4 dəfə yerimizi dəyişməli olmuşuq. Təbii ki, biz də teatrı bir yerdən, başqa yerə köçürməyi sevmirik. Amma hər şey bizim istəyimizlə olmur. Köçmək səbəblərimiz müxtəlif olub. Təzyiqlər olub, yer sahibi ilə anlaşılmazlıq olub, maddi durum kifayət etməyib və s. Amma əsas odur ki, indi daha yaxşı yerdəyik. Və hər şeydən vacib olan budur ki, hara köçməyimizdən asılı olmayaraq, tamaşaçılarımız da bizimlə gəlirlər. Bu, çox sevindirici haldır.

- Şuşa Teatrının direktoru Yadigar Muradov sizi məhkəməyə verib və məhkəmədə qalib gəlib. Və deyəsən sizi böyük məbləğdə cərimə ediblər.

- Yadigar Muradov  bir neçə ay bundan öncə Elitar.Az saytında yayımlanan yazıya görə, məni məhkəməyə verib və 20.000 AZN tələb edib. O, eyni zamanda şərəf və ləyaqətinin təhqir olunduğunu deyir. Bir az sonra həmin iddiaya “Oda” Teatrının da adı əlavə olundu. Lakin məhkəmə ekspertizası həmin yazıda təhqir elementlərinin olmadığını aşkarlayıb. Həmin yazı isə şikayətçi məktubu əsasında hazırlanıb və ortada çox böyük iddialar var idi.

Bildiyiniz kimi “Şuşa” teatrı dövlətin nəzdindədir və teatra dövlət tərəfindən maliyyə ayrılır. Yazıda bildirilirdi ki, Y.Muradov ayrılan maliyyənin müəyyən qismini mənimsəyir. Aktyor ştatına ayrılan pullar aktyorlara tam olaraq çatmır. Və bəzi uydurma ştatlar açılaraq, həmin pullar mənimsənilir. Bundan əlavə dövlət hesabına alınmış rekvizitlər, yəni divan, kreslo kimi əşyaları Y.Muradov öz evinə aparıb. Hətta ölən bir işçinin adının hələ də ştatda saxlanılması və onun əməkhaqqısının Y.Muradov tərəfindən alınması faktları da yazıda qeyd edilmişdi.

Y.Muradov iddia edir ki, bu yazıda onun şərəf və ləyaqəti alçaldılıb. Amma ekspertizanın rəyi var ki, yazıda heç bir təhqiramiz ifadə yoxdur. Amma buna baxmayaraq Biləsuvar Rayon Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində, onun lehinə qərar verib. Qərarın isə nə olduğunu mən heç bilmirəm. Çünki yekun qərar mənə verilməyib. Mən onlardan qərarı tələb edirəm, amma qərarı mənə Biləsüvarda verə biləcəklərini deyirlər. Hansı ki, onlar qərarı mənim hazırda yaşadığım ünvana göndərməlidirlər.

Ümumiyyətlə məhkəmədə mənə qarşı qərəzli olduqlarını hiss edirdim. Hakim mənimlə kobud rəftar edirdi və sanki danlayırmışcasına sözlər işlədirdi. Və məhkəmə prosesinə Y.Muradov qatılmadan baxılırdı. Hansı ki, iddiaçı tərəf mütləq orada olmalıdır. Əgər yoxdursa, iddia baxılmadan saxlanılır. Amma məhkəmə davam edirdi.

Y.Muradov mənə deyirdi ki, əgər şikayətçinin kimliyini açıqlasam, o, mənə qarşı olan iddiasını geri götürəcək. Amma sona qədər şikayətçinin kimliyini açıqlamaq fikrində deyiləm. Mən məhkəmənin qərarından asılı olmadan öz fikrimdə qalıram. Ortada faktlar var. Əgər deyilənlər düz deyilsə Y.Muradov bunu məhkəmədə sübut edərdi. Amma edə bilməyib. Heç bir sənəd ortaya qoyulmadan qərar verilib. Mənə bir şey də maraqlıdır ki, əgər məsələ yazıya görədirsə, həmin məlumat elitar.az saytında dərc edilib. Bəs niyə “Oda” teatrını da məhkəməyə verib? Bu, teatrı bağlamaq üçün atılmış addımdır.

Söhbətimizin ikinci hissəsi isə tam fərqli bir mövzu ilə bağlıdır. Bir müddət öncə özünü işlədiyi ofisdə asaraq, intihar etmiş homoseksual İsa Şahmarlı ilə bağlı çəkilmiş qısa metrajlı sənədli filmdə rol aldığı üçün E.Bədəlov ağır tənqid və təhqirlərə məruz qalmışdı. Videoda iki homoseksualdan birini canlandıran E.Bədəlovla bu mövzuya da toxunduq.

- Məlum video yayınlandıqdan sonra, güclü şəkildə reaksiyalara səbəb oldu. Videonu izləyənlərin böyük hissəsi bunu heç də yaxşı qarşılamadı. Bəziləri bunun homoseksuallığı təbliğ etdiyini dedilər. Bəs səncə? 

- O video homoseksuallığı təbliğ etmək üçün çəkilməyib. Mən bilirdim ki, Azərbaycan kimi homofobiyanın dəhşətli şəkildə çox olduğu cəmiyyətdə belə videolar tənqid və təhqirlərə məruz qalır. Azərbaycanda elə bir vəziyyət var ki, hansısa bir aktyor homoseksual və transseksual birini canlandırırsa, camaat onun bütün nəsil-kökünü söyür. Ən ifrat dərəcədə söyüşlərdən istifadə edirlər. Anlamırlar ki, biz aktyoruq və verilən obrazı canlandırırıq.

- Bəziləri səni homoseksual adlandırdılar. Və bu videoya da ona görə çəkildiyini dedilər.

- Mən bütün bunlara cavab olaraq bir yazı yazmışdım. O yazı da qeyd etmişdim ki, mən aktyoram və mənim kompleksim yoxdur. Verilən rolu yaxşı canlandırmağa çalışıram. Hər kəs videonu başqa cürə anlaya bilər. Biz videoda insanlara başa salmağa çalmışıq ki, heç nə intihara səbəb olmamalıdır. Bu sadəcə homoseksuallarla bağlı deyil. Hər kəsə aiddir. Amma reaksiya tam başqa oldu. Bəlkə də mən videonu şərh edən adi adamları anlaya bilərəm. Onlar homofobdular, fərqli insanları bəyənmirlər, söyürlər, düşmən kimi yanaşırlar. Amma illərdir özlərinə liberal dünya görüşü adı verənlər, qələm tutub, yazı yazanlar da onlarla eyni sırada oldular. Bəzilər bizi homoseksual adlandırdılar. Mən bir daha deyirəm ki, mən homoseksual deyiləm. Əgər elə bir şey olsaydı, bunu çəkinmədən deyərdim.

“Heç kim əmin ola bilməz ki, onun övladı da homoseksual və ya lezbiyan olmayacaq”

- Əsasən videonu sənin adınla hallandıranlar oldu.

 – Həmin videonu mən çəkməmişəm. Heç ssenari müəllifi də mən deyiləm. Mən sadəcə bir obrazı canlandırmışam. Və hesab edirəm ki, videoda heç bir ifratçılığa yer verilməyib. Biz bu sənədli filmlə insanlara bir çox mesaj vermişik. Onlardan biri də, homoseksuallara qarşı olan kin və nifrətə son qoymaqdır. Heç kim əmin ola bilməz ki, onun övladı da homoseksual və ya lezbiyan olmayacaq. Ona görə də, normal qarşılamaq lazımdır.

Biz bir neçə homoseksualı öldürmüşük. İsa Şahmarlı daxil olmaqla, bir neçə nəfərin intiharının səbəbkarı onlara yaşamağa imkan verməyən cəmiyyətdir. Bu cəmiyyət, qatildir. İsa Şahmarlının ölümünün səbəbkarı homofob cəmiyyətdir. Biz də bu video ilə başa salmağa çalışdıq ki, cəmiyyət səni sevməsə də, səni sevən biriləri var. İntihar etmək çıxış yolu deyil. Cəmiyyət homofobdursa, sən özünü öldürməli deyilsən.

- Məlum məsələ ilə bağlı yazılar da yazıldı. Əsasən də tənqidi xarakterli… 

- Məni qınayanları, təhqir edənləri bir az da olsa başa düşürəm. Çünki insanlar rolla, şəxsiyyəti ayıra bilmirlər. Məlik Dadaşov möhtəşəm erməni obrazını yaratmışdı. Bir gün Akademik Milli Dram Teatrının qarşısından keçən iki qadın elə bilib ki, aktyor ermənidir və onu söyməyə başlayıblar. Üzünə tüpürüblər, ağır ifadələr işlədiblər. Onlar da bu cəmiyyətin nümayəndələridirlər. Bu sıraya bəzi jurnalistlər qatılanda adam lap pis olur.

Əgər dünyadakı bütün homoseksualları mən yaratsaydım, məni tənqid edənləri başa düşərdim. Amma mən sadəcə bir obrazı canlandırmışam. Yenə belə bir təklif gəlsə, yenə o rolu canlandıraram. Biz videoda real öpüşməmişdik. Amma real olaraq öpüşmək tələb olunardısa, mən oğlanla öpüşərdim. Mən aktyoram, mənim üçün problem deyil.